Teatr-studiyası haqqında ətraflı məlumat
Yetişən nəsillərin milli teatr sənətimizə sevgi ruhunda yetişməsi, ənənəvi həvəskar aktyorların formalaşması və kukla teatrı, kukla sənətinə hələ uşaqkən alışması üçün azyaşlı uşaqların teatra cəlbi ön plana keçdi. Bu zaman teatrların nəzdindəki teatr-studiyaları, xüsusən Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası bu işdə daha geniş fəaliyyətə başladı.
Teatrın inkişafı ilə bağlı müvafiq dövlət proqramında da xüsusi qeyd olunan bu məqam teatr qarşısında xüsusi bir tələbə çevrildi və beləcə studiyanın sıraları daha da genişləndi.
Beləliklə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 05.05.2011-ci il tarixli 181-s saylı sərəncamına əsasən 01.11.2012-ci il tarixindən Azərbaycan Dövlət Kukla Teatrında teatr-studiyasının fəaliyyəti bərpa olundu.
“Oyuq” teatr-studiyasının bu dövrdəki 12 üzvündən 6-sı Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunları idi. İlk müddətdə tələbə və müəllimlərin ərsəyə gətirdiyi “Dünya gözəli” (A. Şaiq), “Əkiz qardaşlar” (H. Ziya), “Sindibadın xoşbəxtlik adasına səyahəti” (R. Əlizadə) tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim olundu.
Hər il fəaliyyətini daha da genişləndirən studiya yeni səhnə işləri ilə yanaşı sıralarına müsabiqə yolu ilə azyaşlı istedadlıları da cəlb etdi.
Belə ki, 2013-cü ildə “Kaspi” təhsil mərkəzi ilə birlikdə müsabiqə təşkil edən studiya orada təhsil alan səhnə bacarıqlı uşaqları bir araya toplayaraq “Oyuq”un uşaq qrupunun təşkilinə nail oldu. Qısa müddətdə gərgin məşqlər aparan fəalların iştirakı ilə “Cırtdan” tamaşası hazırlandı. Balaca aktyorların səhnə debütü böyük maraqla qarşılandı. Ardınca ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq böyük konsert-tamaşa hazırlandı.
“Hər birimiz bir çiçək” adlı bu konsert proqramı ilə tamaşaçılar balaca istedadları daha yaxından tanıdılar. Elə həmin il 15 iyun – Milli Qurtuluş Günü münasibətilə də səhnəciklərlə zəngin vətənpərvərlik mahnılarından ibarət geniş konsert proqramı da təqdim olundu.
Studiyanın sıralarında yer alan istedadlı azyaşlı Selcan Müseyibova həmin ildə beynəlxalq festivaldan qazandığı yüksək mükafatla ona olan etimadı tam doğrulda bildi. Belə ki, Bolqarıstanın Varna şəhərində baş tutan ənənəvi “Golden Sparkles” mahnı müsabiqəsində “Ən yaxşı səs” nominasiyasında yer tutdu.
2014-cü ildə də studiyanın fəaliyyət tarixçəsində öz zənginliyi ilə qaldı. Həmin il “Cırtan” II Beynəlxalq Kukla Teatrları Festivalının açılışında, eləcə də il ərzində teatrda baş tutan bayram tədbirləri və yubiley gecələrində teatrın əsas truppası ilə yanaşı studiyanın balaca aktyorlarının da bacarığından geniş istifadə olundu.
2014-cü il də studiyanın beynəlxalq qələbəsi ilə yadda qalıb. Belə ki, studiyanın üzvü olan balaca vokalçı-aktrisa Aylin Nəcəfli Bolqarıstanın Varna şəhərində baş tutan ənənəvi “Golden Sparkles” mahnı müsabiqəsində uğurla çıxış edərək yüksək mükafatla təltif olunub.
Bundan başqa studiyanın digər üzvü Selcan Müseyibova Makedoniyanın Struqa şəhərində keçirilən “Ezerskie Biseri” Beynəlxalq Musiqi Festivalında təmsil olunaraq “Ən yaxşı səs” nominasiyasında birincilik qazanıb.
Hər il sıralarını daha da genişləndirən “Oyuq”un üzvlərinin say sırası da genişlənib və müsabiqə yolu ilə uşaqların sayı 10 nəfərə çatdırılıb. Studiyanın bir neçə üzvü repertuarda yer alan tamaşalardakı uşaq obrazlarını məharətlə yaradıblar. Bu sırada “Tıq-tıq və taq-taqın nağılı”, “Ağ babanın nağılı”, “Sehrli üzük”, “Çəkməli pişik” tamaşalarını qeyd edə bilərik.
Studiyanın balaca aktyorlarının iştirakı ilə müstəqil tamaşa da 2015-ci ildə izləyicilərə təqdim olunub. Yazıçı Səidə Haqverdiyevanın “Şah və onun xüdpəsənd oğlu” nağılı əsasında eyniadlı tamaşa, həmçinin “Cırtdan və Tıq-tıq xanımın sərgüzəştləri” adlı tamaşa hazırlandı.
Həmin il studiya üzvləri Türkiyənin İstanbul şəhərində baş tutan ənənəvi 23 nisan Cocuq bayramında uğurla çıxış edərək təşkilatçıların təşəkkürnaməsi ilə təltif olundular.
2016-cı ildə də “Oyuq” teatr studiyasının üzvləri əldə etdikləri bilik və bacarıqlarını tamaşaçılar qarşısında nümayiş etdirməkdə davam etdilər. Belə ki, həmin ildə “Cırtdan və onun dostları”, “Oyaq gözəl”, “Şahın xüdpəsənd oğlu” tamaşaları səhnələşdirilərək yeni uşaqların iştirakı ilə təqdim olundu.
Bu il studiyanın tarixində uğurlu aksiyalar, irihəcmli layihələrlə də yadda qaldı. Talasemiyalı xəstələr, ümumiyyətlə qan çatışmazlığından əziyyət çəkən azyaşlıların problemini qabartmaq və cəmiyyəti bu yöndə maarifləndirmək məqsədilə böyük xeyriyyə aksiyası təşkil olundu.
Maarifləndirmə missiyasını davam etdirən studiya Uşaq Milli Onkologiya Mərkəzində müalicə alan azyaşlılar qarşısında rəngarəng konsert proqramı və tamaşa ilə də çıxış etdilər. Bu silsiləni Saray qəsəbəsində fəaliyyət göstərən xüsusi tipli uşaq evi-internat məktəbindəki konsert proqramı davam etdirdi.
2016-cı il studiyanın həyatında müsabiqə ili kimi də yadda qaldı. Çoxsaylı istedadlı uşaqlar arasından ən bacarıqlıları seçilərək studiyanın uşaq qrupu sıralarına daxil edildilər. 200-dən artıq uşağın müraciət etdiyi müsabiqədən seçilən uşaqlar sayəsində üzvlərin sayı 23-ə çatdı.
9 noyabr – Dövlət Bayrağı günü münasibətilə “Gözəl və cadugər” adlı tamaşa və ardınca rəngarəng konsert proqramı da təqdim olundu. Ordumuzun aprel döyüşlərində göstərdiyi rəşadət balaca istedadların təşəkkürü, Azərbaycan əskərinə mahnı minnətdarlığı ilə yadda qaldı.
“Ordumuzun igidləri” adlı mahnı və bu mahnıya çəkilən ilk klip ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Youtube kanalında yerləşdirilən və televiziya kanallarında nümayiş olunan klip minlərlə izləyiciyə eyni anda vətənə, millətə, orduya sevgi və sədaqət himni ovqatı yaşatdı.
2016-cı il beynəlxalq festivallarda böyük uğurlarla da studiyanın tarixində qızıl hərflərlə yazıldı. Bu mənada fevral ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Caz karuseli” adlı yeniyetmə və gənclərin beynəlxalq festivalında iştirakı xüsusi qeyd etməliyik.
20-dən artıq ölkədən onlarla uşaq və yeniyetmənin iştirak etdiyi bu məşhur festivalın “Qran-pri” və birinci yerini studiya üzvü olan iki azyaşlı qızımızın tutması və bu mükafatları ölkəmizə gətirməsi ən böyük uğurumuz kimi hər kəsi sevindirdi.
2017-ci il də studiyanın həyatında uğur ardıcıllığı ilə yadda qaldı. Xeyriyyə aksiyaları, konsert proqramları, klip təqdimatları bir-birini əvəz etdi.
Belə ki, 28 may 2017-ci ildə Respublika Günü münasibətilə Dənizkənarı Milli Parkda “Ucalsın bayrağımız” adlı açıq hava konserti keçirildi. Paytaxt sakinlərinin böyük maraqla qarşıladığı bu konsertin ardınca daha bir layihəyə imza atdıq.
9 iyun 2017-ci ildə respublikada ilk dəfə olaraq Nağıl qəhrəmanlarının festivalı baş tutdu. Üç günlük festival çərçivəsində milli və dünya nağıl qəhrəmanlarının qiyafəsinə bürünən uşaqlar bulvar ərazisində yürüş edərək uşaqları sevindirdilər.
1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə teatrda böyük tədbir keçirildi. BMT-nin Əhali Fondu, UAFA təşkilatının dəstəyi ilə Şərqdə ilk dəfə olaraq autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” adlı tamaşa nümayiş olundu.
Studiyanın üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles” Europen Music festivalında da iştirak edərək böyük nailiyyətlə vətənə döndülər.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti sosial aksiyanı həyata keçirməklə özünün maarifləndirmə missiyasını davam etdirdi və cəmiyyətə vacib bir mesaj verməyə nail oldu.
Belə ki, 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı ilə klip hazırlamaqla ictimaiyyətin diqqətini bu vacib məsələyə yönəltməyi bacardı.
Azərbaycanda ilk dəfə reallaşan bu layihə sayəsində fiziki və əqli əlilliyi olan insanlar, onların yaxınları və bütünlükdə cəmiyyət olaraq bizlər anladıq ki, istənilən əlillik maneə deyil və insan hədəflərinə çatmaqdan ötəri hər bir maneəni dəf edə bilər.