TEATR HAQQINDA

Teatrın tarixi və fəaliyyəti haqqında ətraflı məlumat

Tarix və irs

ABDULLA ŞAİQ ADINA AZƏRBAYCAN DÖVLƏT KUKLA TEATRI

Azərbaycan milli xalq oyun-tamaşalarının tədqiqata möhtac qollarından biri kukla teatrıdır ki, onun da kökləri orta əsrlərdən çox-çox əvvəllərə gedib çıxır və milli mədəniyyətimizin çox qiymətli sərvətlərindən sayılır.

Şərq mədəniyyətinin bilici mütəfəkkirləri İbn Əl Əsr, A.Mokovelski, M.Kolankatvatsi, A.Xodzko, Biruni, S.Marr və digər alimlər Azərbaycan xalq oyun-tamaşalarından, teatr elementli mərasim şənliklərdən bəhs edərkən kukla teatrı mənşəli və xarakterli göstərmələri də xüsusi qeyd ediblər. İndiki Kukla teatrının kökləri kilimarası və maral oyunlarından qaynaqlanmışdır.

Kukla teatrının hal-hazırda yerləşdiyi bina polşalı mülki mühəndis İosif Ploşko tərəfindən inşa edilib və 1908–1910-cu illərdə “Fenomen” kinoteatrı kimi istifadəyə verilib. Müxtəlif illərdə bu binada kazino, Satirogit teatrı, Musiqili Komediya teatrı və Kənd Təsərrüfatı nailiyyətləri muzeyi fəaliyyət göstərib.

İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoyub. Teatrın ilk tamaşası 1932-ci ildə “Sirk” adı ilə göstərilib. Müxtəlif illərdə teatr həm müstəqil şəkildə, həm də Azərbaycan Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərib. Teatrın Azərbaycan və rus bölmələri fəaliyyət göstərir.

1964-cü il aprelin 15-də teatra “Dövlət” statusu verilib. 1975-ci ildən etibarən teatrda böyüklər üçün də tamaşalar göstərilir. Yarandığı gündən bu günə qədər burada yüzlərlə tamaşa hazırlanıb.

Teatrın kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Gürcüstan, Arxanqelsk, Krasnodar və digər ölkə və şəhərlərdə, eləcə də respublikamızda keçirilən beynəlxalq teatr festivallarında iştirak edib, bir çox festivalların qalibi və laureatı olub.

Teatrın repertuarında Ü.Hacıbəyovun “Məşədi İbad”, Anarın “Qaravəlli”, H.X.Andersenin “Bülbül”, A.Şaiqin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, M.Seyidzadənin “Cırtdan”, M.F.Axundovun “Parisi dağıdanlar”, “Xırs quldurbasan”, V.Qaufun “Yalançı şahzadə”, R.Əlizadənin “Keçəlin toyu”, Ş.Perrodan “Qırmızı papaq”, “Min bir gecə” nağılları əsasında “Ələddin”, Ə.Səmədlinin “Cik-cik xanım”, K.Ağayevanın “Göyçək Fatma”, Ə.Abbasovun “Şəngülüm, Şüngülüm” və başqa tamaşalar xüsusi qeyd oluna bilər.

Müxtəlif illərdə teatrın yaradıcı kollektivinin onlarla üzvü respublikanın fəxri adlarına və Prezident mükafatlarına layiq görülüb. Bu illər ərzində öz yaradıcı əməyi ilə seçilən rejissorlar, rəssamlar və aktyorlar teatrın inkişafında mühüm rol oynayıblar.

Hal-hazırda teatrın yaradıcı kollektivinin əksəriyyətini gənclər təşkil edir. Burada əsası xalq oyunları, dastanlar, nağıllar, dünya klassikası və müasir dramaturgiya üzərində qurulan müasir tamaşalar hazırlanır.