OYUN

Teatr studiyası haqqında ətraflı məlumat

Studiya

AZƏRBAYCAN DÖVLƏT KUKLA TEATRINDA FƏALİYYƏT GÖSTƏRƏN “OYUN” TEATRI

Azərbaycan Dövlət Kukla Teatrının nəzdində əlilliyi olan şəxslərin cəlb edildiyi “Oyun” teatrı 2019-cu ildə təsis olunub. Fiziki imkanları məhdud səhnə bacarıqlı həvəskarlardan ibarət teatrın təşkilində məqsəd əlilliyi olan istedadlı insanların öz yaradıcılıq imkanlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Bununla həssas qrupdan olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiya imkanları daha da genişlənir, onlar özlərini sərbəst şəkildə ifadə imkanı qazanırlar.

Teatrda peşəkar aktyorlar, vokalçılar, xoreoqraflar, rejissorlar, səhnə danışığı üzrə fərqli istiqamətlər üzrə pedaqoqlar dərslər aparır, həvəskarlara sənətin sirlərini öyrədirlər. Müxtəlif yaş və qrupdan 30 nəfərə yaxın həvəskarın cəlb olunduğu teatr öz repertuarı üzərində çalışır, peşəkar aktyorlarla həvəskarların yaradıcılıq mübadiləsini daha da genişləndirir.

“OYUN” teatrının bədii rəhbəri Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyevadır.

İlk yaradıcılıq işini ötən ilin sonlarında təqdim edən teatr qısa zamanda teatrsevərlərin, ümumilikdə cəmiyyətin diqqətini cəlb edə bildi. Görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırladıqları “Solğun sevgilər” tamaşası fiziki imkanları məhdud həvəskarlarla peşəkar aktyorların mükəmməl səhnə performansı oldu.

Tamaşanın premyerasında dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak edirdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin teatr ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə reallaşan layihə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılması və “Əlillik qüsur deyil” mesajının çatdırılmasına xidmət edir.

Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyətin hazırladığı tamaşa böyük maraqla qarşılandı.

Daim sosial aksiyaları ilə də cəmiyyətin diqqətini cəlb etməyə çalışan bu teatrın əsas amalı iştirakçıları və tamaşaçıları sənətin bütün sərhədləri aşmasına inandırmaqdır.

2018-ci ildən müstəqil teatr kimi fəaliyyət göstərir.