KÜLLÜCƏ

Teatr studiyası haqqında ətraflı məlumat

Studiya

AZƏRBAYCAN DÖVLƏT KUKLA TEATRINDA FƏALİYYƏT GÖSTƏRƏN “KÜLLÜCƏ” TEATR-STUDİYASI

Azərbaycan Dövlət Kukla Teatrının sosial-mədəni aksiyalarından biri də uşaq və yeniyetmələrin, sağlamlıq imkanları məhdud istedadlı balacaların cəmləşdiyi “Küllücə” adlı teatr-studiyasıdır. Həssas qrupdan olan balacaların cəmiyyətə inteqrasiyası, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını nümayiş etdirməsi üçün reallaşdırılan bu layihə böyük missiyasını layiqincə icra edir.

Ötən il təsis olunan studiyada onlarla uşaq sənətin sirlərini öyrənir, peşəkarlar tərəfindən teatr, səhnə, vokal və plastika dərsləri alırlar. Bir sıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən, istedadlı əlil uşaq və yeniyetmələrin özünüifadə meydanına çevrilən qocaman teatrın “Küllücə”si “Bahar” adlı ilk tamaşası ilə də diqqət çəkdi.

Abdulla Şaiqin əsəri əsasında səhnələşdirilən tamaşa sağlam və əlil uşaqların birgə səhnə performansı kimi baxımlı və yaddaqalan oldu.

Fiziki və əqli cəhətdən çatışmazlığı olan 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirən studiya iki qrupda fəaliyyət göstərir. Terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin edilir.

Aktyor, rejissor, vokalçı və xoreoqraflarla yanaşı, psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edirlər.

2018-ci ildən müstəqil teatr kimi fəaliyyət göstərir.