Yaş həddi: 3+ Dili: azərbaycan Müddəti: 1 saat Uşaq yazıçısı Solmaz Amanovanın xalq əfsanəsinin motivləri əsasında qələmə aldığı “Turac və sehrli daraq” əsəri Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə yozumunda təqdim olunacaq. Əsəri səhnələşdirən və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Birhissədən ibarət uşaq tamaşası milli folklorun sehrli dünyasını uşaqların maraq və düşüncə tərzinə yaxınlaşdıran yaradıcı səhnə həlli ilə seçilir. Rejissor əsərin ənənəvi nağıl ruhunu qorumaqla yanaşı, onun hər anını gözlənilməz vəziyyətlərlə dolu, hərəkətli və canlı səhnə macərasına çevirir. Turacın sərgüzəştləri vasitəsilə balaca tamaşaçılar sehrli bir dünyaya səyahət edir, qəhrəmanın qarşılaşdığı çətinlikləri onunla birlikdə yaşayır, xeyirxahlığın, mərhəmətin və dostluğun gücünü kəşf edirlər. Quruluş müəllifinin fərqli yanaşması folklor materialını müasir teatr ifadə vasitələri ilə birləşdirərək ənənəvi nağıl qəhrəmanlarını bugünkü uşaqlar üçün daha yaxın, anlaşıqlı və maraqlı edir. Quruluşçu rəssam Rəvanə Yaqubovanın səhnə tərtibatı və vizual həlli tamaşanın sehrli atmosferini formalaşdıran mühüm elementlərdəndir. Rənglərin, obrazların və səhnə məkanının ahəngi nağıl dünyasını göz önündə canlandırır, hadisələrin dinamikasına vizual zənginlik qatır. Kuklaların bədii görünüşü və səhnə obrazlarının ümumi estetik həlli tamaşaçını folklorun rəngarəng aləminə apararaq onun təxəyyülünü hərəkətə gətirir. Bəstəkar, Əməkdar artist Vüqar Camalzadənin musiqisi isə bu səhnə dünyasının emosional ritmini müəyyənləşdirir. Musiqi və səs elementləri hadisələrin inkişafını müşayiət etməklə yanaşı, obrazların xarakterini, əhvalını və səhnələrin ovqatını daha dolğun ifadə edir. Milli musiqinin tamaşanın səhnə dili ilə vəhdəti Novruz bayramının sevincini, baharın gəlişini və xalq ənənələrinin canlılığını hiss etdirir, kukla tetatrının ifadə imkanlarını daha da zənginləşdirir. Tamaşada milli adət-ənənələrimiz, xalq oyunları, mahnılar, rəqslər, Keçəl və Kosa kimi sevilən bayram obrazları nağılın bədii dünyası ilə birləşir. Beləliklə, əsər uşaqları yalnız əyləndirmir, həm də onları Azərbaycan folklorunun zənginliyi, milli-mənəvi dəyərlərimiz və xalqımızın qədim bayram mədəniyyəti ilə tanış edir. “Turac və sehrli daraq” rejissorun yaradıcı yanaşmasını, rəssamın vizual təxəyyülünü və bəstəkarın musiqi həllini vahid səhnə düşüncəsində birləşdirən kukla tamaşasıdır. Ənənə ilə müasirliyin qovuşduğu bu səhnə əsəri balaca tamaşaçıları nağılın sehrinə qoşulmağa, onu qəhrəmanlarla birlikdə hiss etməyə, düşünməyə və kəşfə sövq edir.
TURAC VƏ SEHRLİ DARAQ