QIZIL BALIQ

                                                                                    A.S.Puşkin

                  

             Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına müraciət edən yaradıcı heyət onun məşhur  “Balıqçı və balıq haqqında nağıl”ını fərqli səhnə yozum və tərtibatında hazırlayıb.

          “Qızıl balıq” adı verilən bu tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.

Uşaqlara səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışıb.

Yaradıcı heyətin əsərin ideyasından irəli gələrək qabartdığı məqamlardan biri də rahat həyatın, xoş münasibətin yoxsulluqda da mümkün olmasıdır ki, bunu da balıqçının humanist, mehriban, həssas obrazında nümayiş etdirilir.

Klassik üslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqla ümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev budəfəki səhnə tərtibatı və kuklalar üzərində işdə bütünlükdə ənənəvi üsluba əsaslanıb.

Birhissəli kukla tamaşasının bəstəkarı Vüqar Camalzadədir. Musiqi müəllifi bu tamaşada daha çox rus xalq musiqisi üslubunda mahnılar hazırlamaqla səhnə işinin ümumi harmoniyasını təmin edib.