PİNOKİONUN SƏRGÜZƏŞTLƏRİ

                                                                       
 

 

                              İllərdir teatrın repertuarında olan  “Pinokkionun sərgüzəştləri” tamaşası Karlo Kollodinin bütün dünyada məşhur əsəri əsasında səhnələşdirilib.

Quruluşçu rejissoru Yelene Mastxonaşvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvili olan birhissəli kukla tamaşası özünəməxsus üslubu ilə seçilir.

Səhnə əsərində ilk nəzərə çarpan dekorasiyanın rəngarəngliyi, xoş enerji ötürən rəng uyumudur. Kiçik pərdə açılır və bu məkan gah Pinokkionun evi, gah da marionet teatrı olur.
                      Tamaşanın müəllifləri nağılın bütün süjetini yox, bəzi əsas məqamları seçib səhnəyə gətiriblər. Usta Ceppeto taxtadan kukla düzəldir və onu Pinokkio adlandırır. Tamaşanın əsas personajlarından olan Pişik və Tülkü Pinokkionu - bu taxta adamcığazı marionet teatrına aparmaq istəyirlər: «Bu elə bir yerdir ki, orda səni qərar vermək kimi əzablı bir işdən azad edirlər, qərarı sənin yerinə ipi əlində saxlayanlar verir».
Pinokkio razılaşır və teatrda Qala adlı bir marionet kukla ilə tanış olur. Qala özü haqqında mahnı bəstələdiyinə görə mənfəətgir teatr direktoru onu qutuya saldırıb.
Pinokkio Tülkü və Pişiyi aldadıb marionet teatrından qaçır.
                      Bu əhvalat uşaqlarda azadlıq, sərbəstlik hisslərini aşılayır. Bəzən təkrarlanan xırda bir element onları həyəcanlandırır və güldürür - Pinokkionun burnunun hər dəfə divara ilişməsi kimi.
                Uşaq nağılı üçün vacib bir cəhət də unudulmayıb - sehr. Pinokkio sehrli çubuqla canlanır, sehrli çubuqla xəstəlikdən sağalır. Musiqi və mahnı parçaları dinamikliyi artırır və uşaqların bu sahədə qavrayışlarını itiləşdirir.
Personajların heç biri aqressiv simalı deyil. Yalnız Tülkü və Pişik öz əməlləri ilə hiyləgər cizgilər qazanır. Rəssam personajları sanki şarj estetikasında təqdim edib.

        Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın premyerası  28 sentyabr 2012-ci ildə  olmuşdur.