QARACA QIZ


Quruluşçu rejissor  -  Saida Haqverdiyeva
Quruluşçu rəssam  -  Rəvanə Yaqubova
Bəstəkar  -  Vüqar Camalzadə

 

“Qaraca qız”

Yaş həddi: 5+

Dili: azərbaycan

Müddəti: 1 saat

Süleyman Sani Axundovun “Qorxulu nağıllar” kitabına daxil edilən ən məşhur və təsirli hekayələrindən biri də “Qaraca qız”dır.

Azərbaycan Dövlət Kukla Teatrı sonu hüznlə bitən dostluq və sədaqət haqqında təbii təsir gücünə malik əsərə uşaqların xəyal dünyasından baxmağa çalışıb.

Belə ki, finalda əsərdən fərqli olaraq biz qəhrəmanın ölümünü yox, şücaəti sayəsində əfsanəyə çevrildiyini görürük.

Bildiyiniz kimi, səhnə əsərində cəmiyyətdəki təbəqələşmənin, varlı, kasıb ayrıseçkiliyinin insanlara vurduğu zərbədən, onların həyatında yaratdığı faciələrdən bəhs edilir. Valideynlərini itirən Tutu adlı qız qaraçılar tərəfindən qaçırılır. Burada ona sahib çıxan, onu qoruyan Yasəmən tərəfindən rəqs etməyi öyrənən Tutu bir müddət sonra hadisələrin cərəyanı nəticəsində qaraçı dəstəsindən ayrı düşür. Sonradan bir təsadüf balaca qızı varlı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Hər kəs onu Qaraca qız deyə çağırmağa başlayır. Qaraca qız Hüseynqulu ağanın qızı Ağca ilə tanış olur. Qızların həyat şəraiti fərqli olsa da, onlar bir-birinə mehribanlıq göstərir, dostluq edirlər. Ancaq Ağcanın anası Pəricahan xanım Qaraca qızı sevmir, onları bir-birindən ayırmaq üçün hər cür əziyyətlər edir. Qaraca qız bağban Piri babanın yanında yaşayır. Lakin günlərin birində Qaraca qız dostu Ağcanı ölümdən xilas etmək üçün öz həyatını qurban verməkdən çəkinmir. Beləcə quruluş rejissorunun səhnə yozumu sayəsində o, bir əfsanəyə çevrilir.