LEYLƏK VƏ MÜQƏVVA

 

 

       Azərbaycan Dövlət Kukla Teatrında repertuara yenicə daxil olan nümunənin qəhrəmanı Ağac və Leyləkdir.

Slovakiya  yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” pyesi (tərcümə edən Zümrüd Quliyeva) əsasında hazırlanan tamaşanın adı “Leylək və Müqəvva”dır.

 Uşaqlarda təbiətə, heyvanlara sevgi və diqqət aşılayan maraqlı səhnələrlə zəngin birhissəli uşaq tamaşasını quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Musiqi tərtibatlı tamaşada təbiət və insan tandemi ön plana çıxarılır.

     Tamaşanın hekayəti bir az hüznlü, daha doğrusu, ibrətamiz hadisə ilə başlayır. Belə ki, əkin-biçin mövsümünün bitməsi ilə əlaqədar tarlada tərk edilən, sahibi tərəfindən taleyin hökmünə buraxılan Müqəvva bu sonluq ilə barışmaq istəmir. Özünü gərəksiz hiss etmək, insanların etibarsızlığı ilə qarşılaşmaq onu çox incidir və illərlə qoruduğu əkin sahəsini tərk etməyə qərar verir.

    Küləyin köməyi ilə buna nail olan küskün Müqəvva yad yerlərə yol alır. Bu zaman isti ölkəyə köçə hazırlaşan leyləklərlə rastlaşır. Sırasından geri qalan, dəcəl uşaqlar tərəfindən atılan daşa görə qanadı qırılan balaca leyləyi sağaltmaq qərarına gəlir. Bütün qışı qurumuş ağacın iri gövdəsində daldalanan Müqəvva və balaca Leylək nəhayət baharın gəlişinə sevinirlər. Budur, artıq Leylək öz dəstəsinə qoşula bilər.

      Bu nəticədən məsud olan Müqəvva sonda anlayır ki, ətrafa yararlı olmaq üçün tarladan da başqa yerlər var. Beləcə o Küləyə qoşularaq yeni yerləri kəşfə davam edir.

 

Yaş həddi: 5+

Dili: azərbaycan

Müddəti: 55 dəqiqə