MELİSA

       "Melisa" çəhrayısaçlı gəlincik haqqında nəfəstutan hekayətdir. Onu oxumamaq, izləməmək mümkün deyil… Ondan ayrılmaq çox çətindir. Onun gözü ilə həyat həqiqətlərini izləmək, sahibinə qovuşmaq haqqında xəyallarını səhnədən görmək hədsiz həyəcan və sevinc bəxş edir. O həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını sübut edən sevgi hekayətidir. Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Melisa bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Yenidən və daha həssas. O tamaşaçını sürət qatarı kimi həyatın içi ilə aparmağı bacarır. Bu qatarın pəncərələrindən görünənlər isə həyatın özüdür… Və heç də hər şey çəhrayı rəngdə deyil… Həyat rəngarəngdir - qəhvəyi, boz, qara, qırmızı… Amma hər rəngdə bir ovuc çəhrayı SEVGİ var. Bu sevgi Melisadır. O görür, göstərir, düşünür, düşündürür… Melisa həyatı anladır. Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. Melisa, sadəcə gəlincik deyil, o sadə həqiqətləri anlatmağa çalışan çəhrayısaçlı sevgidir. Melisa əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər… Yalnız sevgi.

             Azərbaycan Dövlət Kukla Teatrının repertuarına yenicə daxil edilən "Melisa" onu izləyənlərin möcüzələrə inam da bəxş edəcək.

            Sevinc Nuru qızının müəllifi olduğu bu nümunə teatrın səhnəsində özünün bənzərsiz həllini tapıb.

           Tamaşanın səhnələşdirəni  və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.

Birhissəli uşaq tamaşası 5 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulub.

         Tamaşanın premyerası  15 sentyabr 2023-cü ildə olmuşdur.