“Piter Pen: Yoxlandiyaya səyahət”
Mütəmadi repertuarını zənginləşdirən, məşhur uşaq nağıl və pyeslərini səhnələşdirərək balacaların zövqünü formalaşdıran Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının bu tamaşası da çox maraqlıdır. Təbii ki, bunu da biz yox, sevimli balaca tamaşaçılarımız deyirlər.
Məşhur isveç nasir-dramaturqu, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında “Piter Pen: Yoxlandiyaya səyahət” adlı bu tamaşa baxmayanlara sehr dolu dünyaya unudulmaz səyahət vəd verir.
Balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həllini teatrın quruluşçu rejissor Anar Məmmədov edir.
Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.
Fərqli kukla texnikası və işıq həlli ilə tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir.Müxtəlif mexanizmlərlə işlənmiş kuklalardan hazırlanan birhissəli uşaq tamaşasında obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandırırlar.
Musiqi tərtibatı əsasında hazırlanan tamaşa sizlərə reallıqla nağıl dünyası arasında unudulmaz səyahət vəd edir.